Orqan donorluğu sahəsində biliklərin genişləndirilməsi, ictimaiyyətin bu mövzuda daha dolğun məlumatlandırılması və daha çox insan həyatının xilas edilməsi məqsədilə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi tərəfindən mütəmadi maarifləndirici tədbirlər həyata keçirilir. Bu çərçivədə növbəti maarifləndirici tədbir Azərbaycan Kooperasiya Universitetində baş tutub.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat və Ekologiya Mühəndisliyi fakültəsinin dekanı, həmçinin universitetin Elmi katibi Elşən İbrahimov Səhiyyə Nazirliyi tərəfindən bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verərək belə təşəbbüslərin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova bildirib ki, Mərkəz 2023-cü ildən fəaliyyət göstərir və ölkədə orqan donorluğu və transplantasiya proseslərinin təşkili, koordinasiyası və ictimai maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, qurumun əsas məqsədi cərrahi və terapevtik üsullarla müalicəsi mümkün olmayan, yalnız orqan köçürülməsinə ehtiyacı olan xəstələrə yardım etməkdir.
G. Abbasova xüsusilə 2025-ci ildə həyata keçirilən və böyük rezonans doğuran meyit donordan orqan, o cümlədən ürək köçürülməsi əməliyyatlarını qeyd edərək bu sahədə əldə olunan uğurlu nəticələrin bir çox insanın həyatını xilas etdiyini diqqətə çatdırıb.
Orqan donorluğunun bütün aspektləri barədə ətraflı məlumat verən ODTKM-nın həkim koordinatoru Mehriban Əliyeva donor olmaq üçün vacib olan faktorları, beyin ölümü anlayışını, dünyada tətbiq olunan könüllü donorluq siyasətlərini və Azərbaycanda orqan donorluğu qaydalarını izah edib. Qeyd olunub ki, bir insanın həyatını xilas etmək bəşəriyyətə verilən ən böyük töhfələrdən biridir.
Tədbir interaktiv formatda davam edib, tələbələr mövzuya böyük maraq göstərərək suallar ünvanlayıblar. Fəallıq nümayiş etdirən iştirakçılara simvolik hədiyyələr təqdim olunub.